BAKI, 9 sentyabr. TELEQRAF

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın bariz nümunəsidir.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İqlim Həftəsində 120-dən çox ölkədən 2 700-dən artıq iştirakçı qeydiyyatdan keçib.

C.Bayramov bildirib ki, İqlim Həftəsinə ev sahibliyi edəcək ölkə BMT regionları arasında rotasiya əsasında keçirilən rəqabətli proses nəticəsində müəyyənləşdirilir:

“Azərbaycan Şərqi Avropa qrupu daxilində rəqabətli proses nəticəsində tədbirə ev sahibliyi etmək hüququ qazanıb. Bir tərəfdən hesab edirik ki, bu, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının və ölkəmizə olan etimadın göstəricisidir. Digər tərəfdən isə COP29 irsinin davam etdirilməsi kontekstində olduqca önəmli fürsətdir və həmin irsin davam etdirilməsinin vacib göstəricisidir”.

Onun sözlərinə görə, İqlim Həftəsinə beynəlxalq ictimaiyyət, bu sahədə fəaliyyət göstərən qurumlar, ekspertlər və mütəxəssislər tərəfindən yüksək səviyyədə maraq göstərilir:

“120-dən artıq ölkədən qeydiyyatdan keçmiş iştirakçıların sayı 2 700-dən çoxdur. Həftə ərzində keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlərin sayı 63-dür. Bu tədbirlər ən müxtəlif mövzuları əhatə edir”.

O qeyd edib ki, İqlim Həftəsi çərçivəsində Azərbaycanın fəal iştirakı ilə COP29-da qəbul edilmiş qərarların icrası istiqamətində şərait yaradılır:

“Azərbaycan ötən illər ərzində iqlim maliyyələşməsi ilə bağlı mühüm təşəbbüslərdə iştirak edib”.

C.Bayramov bildirib ki, bu il iqlim mövzusunda dünyanın ən böyük və ən mühüm tədbiri olan COP31 noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək:

“Bu baxımdan ölkəmizlə qardaş Türkiyənin prezidentliyi arasında çox sıx əlaqələr mövcuddur. Biz Antalyada keçiriləcək COP31-ə tam dəstəyimizi ifadə edirik və hazırlıq prosesində çox fəal iştirak edirik”.

O əlavə edib ki, COP31 çərçivəsində Avstraliyanın da məzmun istiqamətində böyük iştirakı və rolu olacaq.