BAKI, 8 sentyabr. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və kürəkəni Cared Kuşner Rusiya və Ukrayna Prezidentləri ilə görüşüb. Görüşdə məqsəd müharibənin aktiv fazasının dayandırılması ilə bağlı tərəflərə mümkün təklifləri çatdırmaq olub. Nəticə ilə bağlı hər iki tərəfdən müsbət mesajlar verilməsə də, bu cür görüşlərin təsiri haqqında fikirlər səslənir. Nəticənin əldə edilməməsinə səbəb nədir?

- Uitkoff və Kuşnerin bu dəfəki səfəri yenə də nəticəsiz qaldı. Halbuki özləri səfər sonrası optimist açıqlamalar veriblər. Bunun da içərisində optimist cəhət ondan ibarətdir ki, məsələnin həll olunacağına yəni, Rusiya-Ukrayna arasında müharibənin dayanacağına imkanlar saxlanılır. Uitkoffun iddiasına görə, bunun üçün tərəflər güzəştə getməlidir. O qeyd edir ki, güzəştə getmədiklərinə görə müharibə davam edir.

- Ukraynadan istənilən güzəşt nədir?

- Kiyevin güzəşt edəcəyi məsələ bəllidir. Bunu dəfələrlə Ukrayna Prezidenti Volodimir Zelenski də səsləndirib. Ukrayna prezidentinin təklifi ondan ibarətdir ki, tərəflər arasında uzunmüddətli atəşkəsə nail olunsun. Həmçinin Zelenski Ukraynanın ərazi itkisini qəbul etsə belə, müharibənin başlamayacağına dair zəmanət almaq istəyir.

- Rusiya qarşı tərəfdən güzəşt olaraq nə istəyir?

- Donbas və onun qalan hissəsinin Rusiyaya verilməsi tələb olunur. Bununla isə Ukrayna tərəfindən heç bir siyasətçi və yaxud prezident razılaşa bilməz.

- Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası bu səfərlərdən bir nəticə olmayacağına əmin olduqları halda niyə, Uitkoff və Kuşneri yenidən Moskva və Kiyevə göndərir?

- Bununla bağlı fərqli versiyalar var. İlk növbədə Tramp prezident seçilməmişdən əvvəl də deyirdi ki, “o müharibələri o cümlədən, Rusiya- Ukrayna münaqişəsini dayandıracaq” və s. O prezident olduqdan sonra müharibənin dayandırılması üçün bir neçə dəfə təşəbbüs göstərsə də, bu alınmadı. Daha sonra isə Ağ Ev rəhbərinin başı İrana qarışdı. İndi də Vaşinqton administrasiyası üçün İran ən vacib məsələ olaraq qalır. Sadəcə olaraq, Tramp öz nümayəndələrini Kiyev və Moskvaya göndərməklə bu məsələnin hələ də onun gündəmində olduğu mesajını verməyə çalışır.

- Amma burada digər amillər də var. Sizcə, bu kimi səfərlərin reallaşmasında əsas məqsəd nədir?

- Bu səfərdən öncə Moskvaya ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri getmişdi. Ondan sonra Uitkoff və Kuşner səfər etdi. Ona görə də ABŞ tərəfi bu kimi səfərlərlə Rusiya Prezidenti Vladimir Putinin özünə deyil, onun ətrafına təzyiqi artırmağa çalışır.

- Bunu necə əsaslandırmaq olar?

- Rusiya-Ukrayna müharibəsi artıq 5-ci ilinə qədəm qoyub. Çoxlarına da aydındır ki, Rusiya burada öz istəyinə nail olmayıb və olmayacaq. Çünki Donbasın qalan ərazilərini götürmək artıq problemə çevrilir. Bunun fonunda isə Rusiyanın problemləri artır. Ukrayna ardıcıl olaraq Rusiya ərazisinə zərbələr endirir ki, bunun fonunda ölkədə çətinləşən durum bir qədər gərginliklə davam edir. Müharibənin davam etməsi Rusiyanın hər ay 20-30 min hərbçisinin itirilməsi deməkdir. Bütün bunlar isə Rusiya cəmiyyətinə pis təsir edir. Putinin ətrafında yəqin ki, bu mövzuda düşünənlər var. Ona görə də Tramp administrasiyası bu kimi səfərlər təşkil etməklə Putinin ətrafına təsir etməyə çalışır ki, “liderinizi dayandırın”.

- Rusiyanın siyasi elitasında müharibəyə qarşı çıxanlar kimlərdir?

- Misal üçün, Rusiyada ikinci fiqur olan Baş nazir Mixail Mişustin 5 il ərzində bir dəfə də olsun "müharibə" sözünü işlətməyib. O iqtisadçıdır və ölkəsini inkişaf etdirmək istəsə də, müharibə ona maneə olur. Bu da aydındır ki, Mişustin daxilən də olsa müharibənin davam etməsini istəmir. Əslində Putinin ətrafında belə fiqurlar çoxdur. Eyni zamanda bu siyahıda Kremlin daxili siyasət kuratoru Sergey Kiriyenkonun da adını çəkmək olar. O da liberal baxışlarına görə müharibəyə qarşı olanlardan biridir. Amerikalılar da bu cür şəxslərə təsir etmək niyyətindədir.

- Ancaq səfərlərlə təsirli nəticə əldə etmək nə dərəcədə məntiqlidir?

- Sözsüz ki, tək səfərlərlə buna nail olmaq çətindir. Eyni zamanda qərb mətbuatı da bu işdə fəaldır. Qərbin əsas nəşrlərindən birinə belə bir yazı çıxmışdı ki, guya Putin “müharibəni dayandırsam, məni asarlar” deyib. Aydındır ki, Kreml rəhbəri ola bilsin, belə bir ifadə işlətməsin. Amma bu ifadə işlədilməsə belə, qərb mətbuatı, beyin mərkəzləri bu mövzuları daimi olaraq gündəmə gətirməklə Putinə təzyiqi artırırlar və onun ətrafındakılara mesaj göndərirlər. Ona görə də Uitkoff və Kuşnerin səfərlərində əsas məqsəd psixoloji təzyiq variantlarından biri olaraq nəzərdən keçirilir.