BAKI, 9 aprel. TELEQRAF
Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması üçün Azərbaycan və Türkiyənin böyük dsətəyi var. Bu mühüm dəstək bizə güc verir, mübarizə əzmimizi gücləndirir.
Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikası Məclisinin sədri, Şimali Kipr Türk Respublikası - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 3-cü iclasında deyib.
O qeyd edib ki, bizim gücümüz eyni dili, dini və soyu paylaşdığımız türk dünyası ilə aramızda əsrilik tarixi və mədəni bağların olmasından qaynaqlanır: "Bu baxımdan, görüşə ev sahibliyi edən qardaş Azərbaycana ürəkdən təşəkkür edirəm".
Z.Öztürklər bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti bütün türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan bir qapı, eyni zamanda sülh və tarazlıq amilidir.
"Bu gün Yaxın Şərqdə baş verən hadisələr bu qiymətləndirmələrimizin nə qədər doğru olduğunu və dost, müttəfiq, qardaş dövlətlərin həmrəyliyinin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göstərir. Bölgəmizdə baş verən və daha geniş ərazilərə yayılma riski olan münaqişə çərçivəsində Kipr adasının cənubu, Türkiyə və Azərbaycan raket və dron hücumlarının hədəfi olub, çox şükür ki, insan itkisi yaşanmayıb. Bu müharibənin tezliklə sona çatmasını və sülhün yalnız bölgəmizdə deyil, bütün dünyada bərqərar olmasını arzulayırıq. Regional müdafiə refleksimizi gücləndirmək və Türk dünyasının Şərqi Aralıq dənizində təsir imkanlarını artırmaq üçün Türk dünyasının ayrılmaz hissəsi olan Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında və paralel olaraq TÜRKPA-da tamhüquqlu üzvlük statusuna çatması, üzv ölkələrlə əlaqələrinin daha institusional və effektiv səviyyəyə yüksəldilməsi böyük əhəmiyyət daşıyır", - deyə əlavə edib.