
BAKI, 25 fevral. TELEQRAF
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin rəhbəri Zahid Oruc Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, ötən ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Bakı ilə Moskva arasında münasibətlər gərginləşib. Artıq qarşılıqlı ittihamlar fərqli platformalara keçib. Sizcə, gərginlik nə vaxta qədər davam edəcək?
- Rusiya dövlətinin II Qarabağ savaşı dövründə, eləcə də ondan bir qədər sonra işğalçı Ermənistanın mənafeləri üçün çalışmaq, səngərdə onların əvəzinə döyüşmək xətti olmadığına görə Azərbaycanın ictimai fikrində bir qədər dönüş baş vermişdi. “366-cı” (Ermənistan silahlı qüvvələri ilə yanaşı, Rusiyanın 366-cı motoatıcı alayı Xocalı Soyqırımında iştirak edib) alay libasında bir dövlətin qəbullanması prosesi bu dəfə müəyyən qədər dəyişməkdə idi. Əksinə olaraq, bu dəfə Ermənistan cinahından Rusiya üzərinə hücumlar baş verirdi. Müşahidələr onu göstərirdi ki, proseslər indi şiddətini daha da artıracaq. ABŞ ilə Ermənistan arasında strateji müttəfiqlik haqqında sənədlər imzalandıqdan sonra Rusiya rəsmiləri açıq şəkildə İrəvanın siyasətinin qiymətləndirilməsi və təhdidlər, gələcək təhlükələrə dair mesajlar verəcək. Lakin indiki vəziyyətdə xüsusi ilə də media məkanında Kremldən qaynaqlanan “Böyük Rusiya" şovnizmi qaydasında imperiya refleksinə dayanaraq davranışlar göstərən şəxslərin tonu və Azərbaycanın rolunu, əhəmiyyətini Cənubi Qafqazda qiymətləndirmədən, bir qədər də onun qələbəsi əleyhinə mövqeləri tündləşdirərək, verilən açıqlamalar, bəyanatlar səslənir. Bu davranış eyni zamanda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası zamanı Qroznıda cinayətkarcasına məsuliyyətsizlik edib “Kovyor” sistemi (“Xalça” planı) tətbiq edən və təyyarəni dron kimi fiksasiya edib, ona zərbə endirənlərin davranışları ilə eynilik təşkil edir. Eyni sinxronluqdur. Kimlərsə, bunu silahlı vasitələrlə həyata keçirib, digərləri isə sözlə edirlər.
- Kreml sözçüləri isə Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsində üçüncü tərəflərin olduğunu iddia edir. Bu, hansı məntiqə əsaslanır?
- Sözsüz ki, informasiya məkanını kənardan izləyənlər bu halda prosesə əlavə ton verirlər. Hazırda sanki Rusiya siyasətinin təmsilçiləri kimi Valuyev (Nikolay Valuyev - Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini) və yaxud başqa ictimai palata nümayəndələri çıxış edərək, Azərbaycana qarşı hədələyici bəyanatlar verirlər. Misal olaraq, Azərbaycan dövləti USAID ilə bağlı hansı davranışları seçdisə, sonda ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə kardinal şəkildə, inqilab səviyyəsində təməl prinsipləri dəyişən addımlar fonunda Bakının mövqeləri qalib gəldi və haqlı olduğu sübuta yetirildi.
Bunun fonunda Azərbaycan tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndiyi bir ölkədən, yəni Rusiyadan eyni tələbləri gözləməkdə haqlıdır. Bu məntiq vahid şəkildə götürüldükdə, situasiya anlaşılır. İndiki vəziyyətdə “Rus evi”ndən, “rus ev”ləri düzəltmək istəyən qüvvələr dedikdə ki, bu, hüquqi davranışlar kimi başa düşülməməlidir. Azərbaycan qətiyyən milyonlarla soydaşının timsalında Rusiyada əlavə lokal azərbaycanlılar, separatizm mövqeləri, dövləti gizlin üsullarla ələ almaq, öz təsirində saxlamaq, təxribatçı davranışlar seçmək kimi bir mövqeni müəyyənləşdirməyib. Belə faktlar yoxdur.
Həmçinin bu günə qədər “Rus evi”nin təmsilçiləri Azərbaycanın qələbə törənlərində gəlib aktiv şəkildə iştirak etməyiblər. Halbuki azərbaycanlılar təkcə Rusiyada deyil, başqa ölkələrdə də dövlətlərin quruculuğuna böyük töhfələr verirlər. Bunun əksinə soydaşlarımız orada kəşfiyyat “çetesi” (qrupu) kimi mənzillənməyiblər. Yəni azərbaycanlılar olduqları məmləktələrdə silahsız hərbi baza rolunda çıxış etməyiblər.
- İndi Azərbaycanın Rusiyadan əsas istəyi, tələbi nədir?
- Azərbaycan-Rusiya münasibətlərində rəsmi Bakının istədikləri hüquqa dayanır. Rusiyanın Malaziya təyyarəsini vurması (2014-cü ildə), ondan sonrakı davranışlar fonunda dünya ictimaiyyəti tərəfindən, o cümlədən 50-dən artıq dövlətin koalisiya quraraq sanksiyalar, embarqolar tətbiq etməsi ilə bu dövlətin hədsiz dərəcədə rəhimsiz, qəddar obrazını yaratdılar. Bunun da özünəməxsus əsasları var idi. Belə olan halda Rusiyanın müsbət münasibətlərə malik olduğu ölkələrin də vətəndaşını hər hansı bir şəraitdə vurub, həyatını məhv edirsə, indi onlar qarşısında üzrxahlıq edib bu addımı dövlətinin imici üçün atmalıdır. Daha sonra isə təzminat məsələsi, cinayəti törədənlərin cəzalandırılması yönündə işlər görməklə bəlkə Ukrayna savaşında üzərinə gələnləri bir qədər neytrallaşdırmaq bu dövlətin işinə yaraya bilərdi.
- Sizcə, Kreml niyə Azərbaycanla bu ritorikada danışmağa çalışır? Nə demək istəyir?
- Təəssüf ki, Kremlin çevrəsində xeyli dərəcədə pis menecerlər var. Onlar hazırkı dövrdə dövlətlərin təzyiqinə, zərbəsinə məruz qaldıqları şəraitdə hər zaman problemlər yaşadıqları Qafqazda Gürcüstan, Ermənistanla müqayisədə son dövrlər kövrək, ilıq, tam möhkəmlənməmiş Azərbaycan-Rusiya əlaqələrini zədələdilər. Yəqin ki, bu proses dövlətlərarası qəzaya çevrilmə durumuna doğru inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevdən üzrxahlıq zəngindən sonra arxa planda, informasiya məkanına yönələn davranışlar üzə çıxdı. O qüvvələr sanki bu məsələni sonradan elə kapitan (“AZAL” təyyarəsinin kapitan heyəti) heyətinin üzərinə yıxıb, unutdurmaq, arxa planda saxlamaq istəyirlər. Bu sözsüz ki, qəbuledilməz hallardır.
- Bəziləri Azərbaycanın İran və Rusiya münasibətləri fonunda davakar bir xətti seçdiyini dilə gətirir. Bu məntiq nəyə əsaslanır?
- Azərbaycan nə Amerika, nə İran, nə də Rusiya ilə konfrantasiya (toqquşma) xəttini seçib. Rəsmi Bakı özünə ləyaqətli davranış və hörmət tələb edir. Bunun üzərindən eynisi də həmin dövlətlərə göstərilir. Nə qədər çətin olsa da, Azərbaycan bu günə qədər anti-Rusiya bloklarına qoşulmadı. Bunu qiymətləndirmək lazımdır. Çünki bu gün Qərb dünyasının Azərbaycanın üzərinə etdiyi hücumların bir qismi "Bakı nə üçün anti-Kreml xəttində yer almır?" iddiaları ilə bağlıdır. Bunu dəyərləndirmək əvəzinə ayrı-ayrı siyasi, hüquqi dili tanımayan, yalnız “bezpridel” simvolu olan şəxslərin timsalında çıxıb Bakıya doğru barmaq silkələyəcəklərsə, 20 Yanvar qırğınlarını, Xocalı soyqırımını, ondan əvvəl məlum tarixi prosesləri, çarizm dövründə Rusiyanın məlum əməllərini yaddaşlarda daha çox oyadacaqlar. Bu, heç şübhəsiz ki, Rusiyanın özü üçün itkilərdir. Kimsə qlobal ictimai fikir, beynəlxalq cəmiyyətlər nə düşünür, bunun fərqinə varmamaqla öz istədiyi “siyasəti” gerçəkləşdirəcəksə, bu, çox təhlükəli yoldur. Tarixi təcrübə sübut edir ki, həmin dövlət haqlı olduğu məqamlarda da uduzur. Beləliklə, Moskvanın Qara dənizə, Finlandiyaya NATO infrastrukturu gəlib və “mən özümü qoruyuram” arqumentləri öləziyir, dağılır. Tam əksinə olaraq, bunun üzərində Rusiyanın içərisinə doğru təzyiqlər güclənir. Çünki bu gün Rusiyada yaşayan azərbaycanlılar, müsəlmanlar və ləyaqətli rusların özləri də deyir ki, “axı sən üzr istəmisən, bunun davamı olaraq digər addımlar da atılmalıdır. Əks halda niyə üzr istənilirdi?”
- Rusiyanın arqumenti nədən ibarətdir?
- Putinin üzrxahlıq zəngində deyilir ki, “Rusiya hava məkanında hadisə törədilib”. Bu nə arqumentdir? Buna görə, üzr istənilmir. Burada təyyarənin “qara qutu”su bir elementdir. “Qara qutu” nəyi danışır-danışsın, ən sonda “Pantsir-S” raketinin hissələri Azərbaycan tərəfində var. Belə olan halda məsələni məhz bu istiqamətdə sürətlə aparmaq mümkün idi. Bu halda Azərbaycanla Rusiya arasında münasibət “qara qutu”nun üzərində qalmazdı.