BAKI, 25 fevral. TELEQRAF

Bu ilin yanvarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə İsraildən Azərbaycana gələnlərin sayı 3,9 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, Çindən Azərbaycana gələnlərin sayı 2,2 dəfə, Tacikistandan 2,1 dəfə, İspaniyadan 1,9 dəfə, Hindistandan 1,7 dəfə, İordaniyadan isə 1,7 dəfə çoxalıb.

Yanvarda 2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 faiz artaraq 5,1 min nəfər olub. Əvəzində körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 faiz azalaraq 58,4 min nəfərə düşüb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti 2025-ci ilin yanvarında Azərbaycana dünyanın 152 ölkəsindən 172,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəldiyini açıqlayıb.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 26,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.