BAKI, 24 fevral. TELEQRAF

Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın kolonial siyasətindən əziyyət çəkən xalqları təmsil edən 12 media nümayəndəsi ilə görüşüb.

Teleqraf xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdə Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqların problemləri gündəmə gətirilib və bu siyasətin yerli xalqlara təsiri müzakirə olunub.

Tədbirin əsas məqsədi müstəmləkə siyasətindən zərər çəkən xalqların səsini dünyaya çatdırmaq və onların problemlərini işıqlandırmaq olub.

Müzakirələrdə vurğulanıb ki, Fransanın müstəmləkə siyasəti rəsmi şəkildə başa çatmış kimi görünsə də, əslində bu ərazilərdə hələ də iqtisadi, siyasi və mədəni asılılıq davam edir. Xüsusilə, Yeni Kaledoniya, Fransız Qvianası, Martinika və Qvadelupa kimi ərazilərdə yerli xalqlar resursların istismarından, iqtisadi bərabərsizikdən və siyasi təzyiqlərdən əziyyət çəkirlər. Yerli əhali arasında Fransa administrasiyasına qarşı etirazlar artsa da, bu məsələlər beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər diqqət görmür.

Görüşdə həmçinin bu problemlər barədə məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, kolonial keçmişin nəticələri hələ də mövcuddur və bu xalqların hüquqlarının qorunması üçün beynəlxalq birlik tərəfindən daha çox təzyiq göstərilməlidir. Xüsusilə, iqtisadi istismar, sosial bərabərsizlik, dil və mədəniyyətin assimilyasiya olunması kimi məsələlərin həlli üçün konkret addımlar atılmalıdır.