
BAKI, 24 fevral. TELEQRAF
Avropa İttifaqının Ermənistan ərazisində saxlanılan mülki “missiya”sının bölgədə qalması ilə bağlı səslənən fikirlər növbəti manipulyasiya cəhdidir. Delimitasiya olunmamış ərazilərdə “missiya”nın qalması heç bir mahiyyət kəsb etmir. Sadəcə olaraq, Avropa İttifaqı bölgədə qalmaq üçün bəhanələr uydurur.
Bu sözləri Teleqraf-a politoloq Oqtay Qasımov deyib.
Siyasi ekspert hesab edir ki, Avropa İttifaqının beynəlxalq nüfuzu zərbə altındadır:
“ABŞ ilə Rusiya arasında Ukrayna məsələsinə görə aparılan birbaşa danışıqlar, Avropanın kənarda saxlanılması onlar üçün gözlənilməz zərbə olub. Bu mənada Aİ-nin Cənubi Qafqaz regionunda gələcəkdə ciddi rol alması ehtimalı azdır. Vaşinqtonla Moskva arasında anlaşma əldə edilsə, Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaranacaq”.
Oqtay Qasımova görə, Aİ-nin Ermənistan ərazisindəki “missiyası” rəhbərinin son açıqlaması “fəaliyyətlərinə” bəraət qazandırmağa xidmət edir:
“İddia edirlər ki, burada lazımlı aktordurlar. Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşmələri birbaşa həyata keçirildiyi halda Aİ-nin bu prosesə heç bir aidiyyəti yoxdur. Onlar sadəcə olaraq müşahidəçi qismindədir”.
Qeyd edək ki, yanvarın 30-da Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə edilib.
Xatırladaq ki, Aİ-nin Azərbaycan-Ermənistan sərhəd bölgəsinə ilk müşahidə missiyası Azərbaycanın da razılığı ilə 2022-ci ilin oktyabrında iki aylıq müddətə göndərilib. Brüssel müşahidə missiyasının sərhədin Azərbaycan hissəsinə yerləşdirilməsini təklif etsə də, Bakı bunu rədd edib. Bakı həmçinin missiyanın mandatın uzadılması ilə bağlı təkliflərə də yox deyib. Daha sonra isə 2023-cü il fevralın 20-dən hazırkı dövrə qədər "missiya"nın bölgədə qalması ilə bağlı qərar verilib.