TBİLİSİ, 25 fevral. TELEQRAF
“Avropa İttifaqının səfiri Gürcüstanda zorakılığı təşviq etməkdə davam edir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Aİ səfiri kollektiv “Milli hərəkat”ın xeyrinə “Gürcü Arzusu”na qarşı açıq təbliğat aparıb və bir dəfə də olsun Gürcüstanda keçirilən zorakı mitinqləri pisləməyib.
“Onun cəhdləri uğursuzluqla nəticələnib. Gürcüstan cəmiyyəti noyabrın sonu-dekabrın əvvəllərində ölkədə keçirilən mitinqlərin necə “dinc” olduğunu, dövlətin bütün bunlara necə reaksiya verdiyini çox yaxşı bilir. Biz gələcək planları olan zorakılığın qarşısını ala bildik”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, ötən gün Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenski bildirib ki, Aİ Gürcüstandakı zorakılıq, cəzasızlıq və hədə-qorxuları qəbul edə bilmir.