
BAKI, 24 fevral. TELEQRAF
Ermənistanın sabiq prezidentləri, hərbi canilər Levon Ter-Petrosyanın və Robert Köçəryanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı etirafları heç də təsadüfən səslənən fikirlər deyil. 30 il Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanılması faktı var. Keçmiş hərbi canilərin bu faktları etiraf edib-etməməsindən asılı olmayaraq BMT Təhlükəsizlik Şurasının qərarlarında Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Eyni zamanda digər dövlətlərin və beynəlxalq təşkilatların bununla bağlı qərarları var idi.
Bu sözləri Teleqraf-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
Sədr müavini bir çoxlarının Ermənistanın işğal faktını açıq-aşkar bəyan etmədiyini bildirib: “ATƏT-in Minsk Qrupu münaqişəni tənzimləmək adı ilə yaradılsa da, vaxt uzatmaqla məşğul olub. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçü - ABŞ, Fransa və Rusiya Minsk Qrupunda təmsil olunurdu. Həmin ölkələrin təmsil olunduğu BMT Təhlükəsizlik Şurası isə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib”.
Ziyafət Əsgərova görə, indiki halda Ermənistanın keçmiş prezidentlərinin etirafları həqiqətləri dəyişmir: “Yəqin ki, onlar Bakıda Azərbaycan xalqına qarşı hərbi cinayət törətmiş şəxslərin məhkəməsini izləyir. Hərbi canilər Serj Sərkisyan, Robert Köçəryan və digərləri unutmasınlar ki, belə bir gün onlar üçün də olacaq. Buna görə narahat olmasınlar. Sərkisyanlar, Köçəryanlar Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verəcəklər”.
“Azərbaycan xalqına bu qədər ziyan vurub, soyqırımı, müharibə cinayətləri törətmiş şəxslərin cəzasız qalması mümkün deyil. Vaxtilə Qarabağda qondarma dövlət yaratmışdılar. O qondarma dövlətin “rəhbərləri” Bakıda ədalət mühakiməsi qarşısında cavab verir. Azərbaycan əleyhinə bəyanatlar verib, ironiya ilə danışanların harada olduğunu Ermənistanda gizlənmiş hərbi canilər də görməlidir”, - vitse-spiker bildirib.