
BAKI, 25 fevral. TELEQRAF
ABŞ-nin hərbi yardımı olmasa, Ukrayna yaya qədər Rusiyaya qarşı müharibəni indiki templə davam etdirmək üçün lazımi qədər silaha malik olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Qərb rəsmilərinə istinadla məlumat yayıb.
Amerika nəşrinin fikrincə, bu müddətdən sonra Ukrayna ordusu sursatsız qala və ən qabaqcıl silahlardan məhrum ola bilər.
Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Selesta Vollander qeyd edir ki, Co Bayden administrasiyası tərəfindən göndərilən və ya sifariş edilən böyük silah tədarükü ukraynalılara ən azı ilin ortalarına qədər bəs edəcək.
Ukraynalı analitiklər bildirirlər ki, yerli silah tədarükü bu müddəti uzada bilər: “Altı ay - bir il gözləyə bilərik, amma bu müddətdə Avropa döyüş sursatı istehsalına başlamalıdır”.
Prezident Volodimir Zelenskinin ofisindən ABŞ-nin hərbi yardımının dayandırılmasının ən pis ssenari olduğu deyilib.
Ukrayna hazırda hərbi texnikasının təxminən 55 faizini istehsal edir və ya maliyyələşdirir. ABŞ Ukraynanın hərbi ehtiyaclarının təqribən 20, Avropa İttifaqı isə 25 faizini ödəyir. Amma ABŞ-nin bəzi təchizatlarını, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemləri, yer-yer tipli ballistik raketlər, naviqasiya sistemləri və uzaqmənzilli raket artilleriyasını qısa müddətdə əvəzləmək mümkün olmayacaq. Avropada isə lazımi qədər istehsal yoxdur.
Rəsmilər və analitiklərin fikrincə, ABŞ-nin tədarük etdiyi silah-sursat bitdikdən sonra Ukraynanın uzaq məsafədən zərbələr endirmək və arxa mövqelərini müdafiə etmək qabiliyyəti zəifləyəcək.