BAKI, 24 fevral. TELEQRAF

Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir. Dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib. 2024-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsinin həcmi 22 milyon 48 min dollar olub.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, dövriyyə əvvəlki il ilə müqayisədə cüzi dəyişsə də, bu, 2021-ci ilin 11 milyon 732 min dollarlıq dövriyyəsi ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir: "Ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Digər tərəfdən, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha dərinləşməsinə xidmət edir”.

Vüqar Bayramov əlavə edib ki, hazırda iki ölkə arasında turizm sahəsində də geniş əməkdaşlıq qurulmaqdadır: “2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 46,7 faiz artaraq, 81 min 427 olub. Pakistan, eyni zamanda, işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və reinteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir. Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir. Bütövlükdə iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar”.