BAKI, 25 fevral. TELEQRAF

ABŞ İranın neft və neft-kimya ticarəti ilə məşğul olan 8 müəssisəsi və onlara məxsus 8 gəmiyə qarşı sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departament yeni sanksiyaları ABŞ Prezidenti Donald Trampın “İrana maksimum təzyiq kampaniyası”nın bir hissəsi kimi qiymətləndirib.

Qurum əlavə edib ki, İran rejimi nüvə təhdidi, ballistik raket proqramı və terrorçu qruplara dəstəyi ilə qlobal təhlükəsizliyi pozmağa davam edir. Departament buna görə də sanksiyaların Tehranın sabitliyi pozan fəaliyyətləri maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınının qarşısını almaq üçün tətbiq olunduğunu bildirib.

Həmçinin ABŞ-nin xarici siyasət xidməti İranı qanunsuz neft ixracında günahlandırıb.

“Sanksiyaların son məqsədi cəzalandırmaq deyil, davranışlarda müsbət dəyişiklik yaratmaqdır”, - qurumun bəyanatında deyilir.