MİNGƏÇEVİR, 3 mart. TELEQRAF

Son günlərin yağıntılı hava şəraiti Mingəçevir su anbarında suyun səviyyəsinin yüksələrək ötən ilin müvafiq dövrünə uyğun həddə çatmasına səbəb olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hazırda anbarda suyun səviyyəsi 78 metr 60 santimetr həddindədir.

Bu, ötən ilin oxşar göstəricisindən 2 santimetr yuxarıdır. Ötən ilin eyni vaxtında suyun səviyyəsi 78 metr 58 santimetr olub.

Su səviyyəsinin normal həddə düşməsi anbardan Kür çayına buraxılan su həcminin məqsədyönlü şəkildə artırılmasına zəmin yaradıb. Son iki gündə anbardan Kür çayına ənənəvi olaraq saniyədə 40 deyil, 60 kubmetr su buraxılır.

Bu artım eyni vaxtda anbarda və çayda axın səviyyəsini nizamlamağa təkan verir.

Bölgənin su hövzəsinə daxil olan çaylara gəlincə, yağıntılara rəğmən ciddi dəyişiklik qeydə alınmayıb. Mütəxəssislərin fikrincə, çaylarda dəyişikliklər əsasən dağların qarı əriyib çaylara axdığı zaman müşahidə olunacaq.