AĞCABƏDİ, 24 fevral. TELEQRAF

Şəhid nəvəsi piyada Xocalıya yürüşə çıxıb.

2002-ci il təvəllüdlü Hümbətov Bəhruz Hüseyn oğlu Xocalıda şəhid olmuş babasının xatirəsinə ehtiram olaraq piyada yürüşə çıxıb.

Teleqraf-ın Qarabağın bürosunun xəbərinə görə, o, 1992-ci ildə Xocalı rayon Meşəli kəndində şəhid olmuş Bəhlul Hümbətovun nəvəsidir.

Bəhruz 15 fevral tarixində Bakının Yeni Yasamal qəsəbəsindən yola düşüb. Bu gün onun yürüşünün 10-cu günüdür. Yürüşün onuncu günündə o, Ağcabədi rayon Hindarx qəsəbəsinə çatıb.

Bəhruz Hümbətov Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, bu yürüşü babasının ruhuna ithaf edir: “Babam Meşəlidə şəhid olub. Uşaqlıqdan onun haqqında danışılanları eşidə-eşidə böyümüşəm. Özümə söz vermişdim ki, torpaqlarımız azad olunarsa, piyada Xocalıya gedəcəyəm. Bu, mənim babama və bütün şəhidlərimizə olan borcumdur.”

Bəhruz Hümbətov qeyd edib ki, məqsədi təkcə bir məsafəni qət etmək deyil, həm də şəhidlərin xatirəsini yaşatmaq və gənclərə vətənpərvərlik nümunəsi göstərməkdir.

Qeyd edək ki, Bəhruz Hümbətov azad olunmuş Xocalıya çatana qədər yürüşünü davam etdirəcək.