AĞDƏRƏ, 23 fevral. TELEQRAF

Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağın bürosunun xəbərinə görə, mənzil başına çatan ailələrə Ağdərə və Xocalı rayonunda xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi trəfindən sahib olduqları mənzillərin açarları təqdim edilib.

***

14:05

Ağdərə rayonunun 4 kəndinə köçürülən ailələr artıq mənzil başına çatıblar.

Teleqraf-ın Qarabağ bürosunun verdiyi məlumata görə, kəndlərə qayıdan ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları evlərin açarları təqdim ediləcək

***

11:39

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə növbəti köç yola salınıb. Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailədə 46 nəfər, Aşağı Oratağ kəndinə 29 ailədə 141 nəfər, Heyvalı kəndinə 17 ailədə 84 nəfər, Çapar kəndinə isə 7 ailədə 22 nəfər köçürülür.

Kəndlərə köç edənlər bu günə qədər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.