YEVLAX, 24 aprel. TELEQRAF
Mingəçevirdən Yevlaxın Xaldan qəsəbəsinə gedən marşrut xəttindən hər gün yüzlərlə sərnişin istifadə edir. İllərdir bu xəttə xidmət göstərən avtobuslar artıq yolun hər döngəsini və sərnişinlərin tələbatını əzbər bilirlər. Amma indi bu tanış səssizlik pozulub, marşrutlar üçün yeni tender elan olunub və bu, mövcud daşıyıcılar arasında ciddi narazılıq yaradıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, Mingəçevir-Xaldan xətti üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən elan olunmuş tenderə mayın 6-da yekun vurulacaq. Tender şərtlərinə əsasən, tələblərə cavab verən 4 yeni avtobus xəttə buraxılacaq, daha biri isə ehtiyatda saxlanılacaq. Görünüşdə yenilənmə, müasirləşmə niyyəti olsa da, illərdir bu istiqamətdə fəaliyyət göstərən 14 avtobus sahibkarı prosesdən kənarda qaldıqlarını deyirlər.
Yevlaxlı və mingəçevirli sahibkarların sözlərinə görə, onlara tender barədə vaxtında məlumat verilməyib.
“Biz bu xətti tanıyırıq, insanlar bizi yaxşı tanıyır. İndi isə xəbərimiz belə olmadan, bizi oyundan kənarda saxlayırlar”, - deyə sahibkarlardan biri bildirir.
Narazılıq bununla bitmir. Sahibkarlar məsələ ilə bağlı ərazi üzrə rəsmi qurumlara da müraciət ediblər, daha sonra isə paytaxta üz tutaraq, aidiyyəti orqanların məsul şəxsləri ilə görüşüblər. Görüşlərdə onlara bildirilib ki, məsələ araşdırılacaq.
Bununla belə, bölgədə bu marşruta olan sərnişin tələbatı göz önündədir. Yerli müşahidələr və illərin təcrübəsi göstərir ki, bu istiqamətdə gündəlik sərnişin axını böyükdür. İndi isə sual ortaya çıxır: əgər planlaşdırıldığı kimi, yalnız 4 avtobus xəttə buraxılacaqsa, bu qədər insanı vaxtında kim və necə mənzil başına çatdıracaq?