MİNGƏÇEVİR, 24 aprel. TELEQRAF
Mingəçevir şəhərində yerləşən məzar daşı sexlərində kəskin qiymət artımı müşahidə olunur.
Teleqraf-ın müxbirinin şəhərdə yerləşən qəbir daşları sexlərində və qəbristanlıqlarda apardığı müşahidələr son dövrlərdə bu sahədə baş verən ciddi qiymət dəyişiklikləri üzə çıxarıb. Aydın olub ki, bölgələrdə məzar daşlarının qiyməti kəskin şəkildə bahalaşıb, mütəxəssislər isə bahalaşmanı Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.
Qəbir daşlarının qiymətindəki artım, sadəcə, müəyyən növ abidələrlə məhdudlaşmır. Əldə olunan məlumata görə, bahalaşma bütün növ məzar daşlarının qiymətlərində özünü büruzə verir. Bu isə təbii ki, birbaşa insanların seçimlərinə təsir edir. İndi əksəriyyət dünyasını dəyişən doğmalarının qəbirüstü abidəsi üçün nisbətən ucuz və yığcam kvadrat şəkilli daşlar, ağ və ya qara mərmər, sadə mozaika daşlar sifariş vermək məcburiyyətində qalır.
Qiymət aralığı isə kifayət qədər nəzərəçarpacaq dərəcədədir. Məsələn, sadə mozaika daşların qiyməti 450-550 manat civarında dəyişir.

Ağ mərmərlər 800-1200 manata, qara mərmərlər isə 1800-2500 manata təklif olunur. Bu rəqəmlər təkcə daşla bitmir. Üstəlik, məzarüstü abidələr üzərində yazılar, bəzəklər və şəkillər üçün rəssam əməyi tələb olunur. Bu isə dünyasını dəyişmiş şəxsin qohumlarının ən azı 100-150 manat əlavə vəsait xərcləməsinə gətirib çıxarır.
Bu sahədə çalışan mütəxəssislər onu da bildiriblər ki, bəzən insanlar qəbrin üstünü fərqli dizayn, ölçü və örtüklə götürmək istəyində olurlar. Belə hallarda müraciət edənlər istəyinə uyğun olaraq hazırlanan məzarüstü abidələr artıq kompleks mahiyyət daşıyır və bu cür işlərin qiyməti 6 min manatdan başlayaraq 15 min manatadək yüksəlir.
Sahə mütəxəssisləri qəbir daşlarının qiymətlərində müşahidə olunan kəskin bahalaşmanın səbəbini bir daha Rusiya-Ukrayna müharibəsi ilə bağlayırlar. Onların sözlərinə görə, daşlar əsasən, Ukraynadan daşınır. Orda davam edən müharibə çətinliyi səbəbindən daşınmalar hazırda digər bir neçə ölkə ərazisindən və gömrük sərhəddindən keçdiyi üçün daşların daşınma xərcləri də ümumi qiymətlərə təsirsiz ötüşmür.
Beləliklə, Mingəçevirdə məzar daşlarının qiymət artımı bazarda ümumi bahalaşma tendensiyasını əks etdirir, bu da sakinlərin seçim imkanlarını məhdudlaşdırır.