YEVLAX, 22 aprel. TELEQRAF
Yevlax rayonunda kənd yollarının bərpası istiqamətində genişmiqyaslı işlərə start verilib. Hazırda Səmədabad, Nemətabad, Nərimankənd, İsmayılabad, Çobankərə kəndləri və Duzdağ qəsəbəsini əhatə edən ərazilərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər görülür.
Səmədabad Bələdiyyəsindən Teleqraf-ın yerli bürosuna verilən açıqlamada bildirilib ki, Duzdağ qəsəbəsinə gedən və illərdir əhali üçün ciddi narahatlıq yaradan yolun 1,5 kilometrlik hissəsində bərpa prosesi başa çatıb. Yola xüsusi texnikaların köməyi ilə torpaq daşınıb, səth hamarlanıb və qum-çınqıl döşənərək, hərəkət üçün yararlı hala gətirilib.
Bu tədbirlər ərazidə Dövlət Proqramı çərçivəsində planlaşdırılan asfaltlanmaya hazırlıq məqsədi daşıyır. İşlər mərhələli şəkildə davam etdiriləcək.
Bundan əlavə, yol boyu qalaqlanmış məişət tullantıları da yığılaraq, müvafiq yerlərə daşınır, ətraf mühitin qorunması ilə bağlı tədbirlər gücləndirilir.
Rayonun Nərimankənd kəndində isə uzun müddətdir baxımsız vəziyyətdə olan istirahət parkında yenidənqurma işləri aparılır. Artıq park ərazisində işıqlandırma sistemi yenilənir, yaşıllıq zolaqları genişləndirilir.
Məsələ ilə bağlı yerli bələdiyyə rəsmiləri bildiriblər ki, həyata keçirilən bu işlərin əsas məqsədi əhalinin gündəlik həyat şəraitini yaxşılaşdırmaq və bələdiyyəyə olan ictimai etimadı gücləndirməkdir.