BAKI, 3 iyun. TELEQRAF

"2024-cü ildə dünyada müharibə və münaqişələrin şiddətlənməsi, geosiyasi gərginliyin davam etməsi, dünya ölkələrinin bir-birinə qarşı tətbiq etdikləri sərt maliyyə sanksiyaları və ticarət məhdudiyyətləri qlobal iqtisadi artımın səviyyəsini 3,3 faizdən 3,2 faizə kimi azaldıb. Qlobal borclanmanın yüksək səviyyəsi fonunda illik inflyasiya 4,9 faiz təşkil edib".

Teleqraf xəbər verir ki, bu fikirlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə səsləndirdiyi rəydə əksini tapıb.

Deputat əlavə edib ki, ötən ilin makroiqtisadi mənzərəsi qənaətbəxş olub:

"Dünya iqtisadiyyatındakı neqativ konyuktur dəyişikliklərindən fərqli olaraq, ölkəmizdə 2024-cü ilin makroiqtisadi mənzərəsi qənaətbəxş olmuşdur. Bu dövrdə ÜDM 4,1 faiz artıb. Qeyri-neft sektorunda artım isə 6,2 faiz təşkil etməklə ÜDM-da 68 faizlik paya malik olub. İllik inflyasiya 4,9 faiz olmaqla hədəf diapazonu daxilində formalaşmış, orta illik inflyasiya isə 2,2 faiz təşkil edib. Xüsusi olaraq qeyd etmək istərdim ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət həm makroiqtisadi sabitliyi, həm də fiskal siyasəti dəstəklənib. Görülmüş tədbirlər milli valyutanın mübadilə məzənnəsində sabitliyi təmin edib".

Komitə sədri bildirib ki, tədiyyə balansının cari əməliyyatlar hesabı 4,7 milyard dollarlıq müsbət saldoya malik olub:

"Beləliklə, strateji valyuta ehtiyatlarımız 71,0 milyard dollara çatıb. Təxminən, ÜDM-in həcminə bərabər olan bu göstərici xarici dövlət borcunu təqribən 14 dəfə üstələyib 2024-cü ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 dollar səviyyəsində qərarlıb. Bu icra edilmiş dövlət büdcəsi üzrə əsas götürülən 75 dollardan 10,4 faiz çox olub. Bir sözlə, müzakirə etdiyimiz dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə verib".