BAKI, 12 oktyabr. TELEQRAF

Azərbaycan və Kambova arasında əməkdaşlığın necə həyata keçiriləcəyini müəyyənləşdirmək üçün ümumi çərçivə və əhatə dairəsi üzərində işləyirik.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kamboca Ticarət Palatasının prezidenti və ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Okha Kith Meng deyib.

O, Kamboca Baş naziri Samdech Moha Borvor Thipadei Hun Manetin Bakıya səfərini Azərbaycan şirkətlərini Kambocaya investisiya yatırmağa, eləcə də Kamboca şirkətlərini Azərbaycana sərmayə qoymağa təşviq etmək məqsədi daşıdığını qeyd edib:

“Hesab edirik ki, bu, iki ölkə arasında çox böyük fürsətdir. Ölkələrimiz bir-birindən uzaqda yerləşsə də, aramızdakı məsafəni azaltmaq, iki mədəniyyət və iki ölkənin şirkətləri arasında əlaqələri daha da yaxınlaşdırmaq mümkündür.

Biz ASEAN ölkələrinin bir hissəsiyik və hazırda Mərkəzi Asiya ilə əlaqələrimizi genişləndirməyə, Kamboca iqtisadiyyatını Mərkəzi Asiya ilə inteqrasiya etməyə çalışırıq. Baş nazirimizin Azərbaycana səfərinin səbəblərindən biri də budur".