BAKI, 12 oktyabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə razılaşmasına baxmayaraq, Avropa Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.

“Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini təmin edən hərbi-sənaye kompleksi ilə əlaqəli Rusiya qurumlarına və fiziki şəxslərə qarşı ən böyük sanksiya paketidir. Sanksiya siyahılarına əlavə edilən bu 1600 yeni adla müharibə başlayandan bəri onların ümumi sayı 3000-dən 4600-ə yüksələcək”, - Barro vurğulayıb.

Trampın Putinlə razılaşmalarının Avropa İttifaqının səylərinə xələl gətirib-gətirmədiyi barədə suala fransalı nazir belə cavab verib:

“Sanksiyalarımız qüvvədədir və qüvvədə qalmağa davam edəcək. Vladimir Putin Ukrayna cəbhəsini yarıb keçə və Ukrayna xalqının qəhrəmanlıq müqavimətini qıra bilməyibsə, bu, ilk növbədə ukraynalıların misilsiz cəsarətinin nəticəsidir. Amma bu, həm də Rusiyaya təzyiq göstərən avropalıların sarsılmaz dəstəyinin nəticəsidir”.