BAKI, 7 oktyabr. TELEQRAF
Cəza çəkən şəxslərin hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb. Bu məqsədlə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliklər “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin müddəaları ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması çərçivəsində hazırlanıb.
Layihənin ümumi məqsədi hüquqi yardıma ehtiyacı olan şəxslərin müdafiə və təmsilçilik imkanlarını genişləndirməkdir.
Cəzaçəkmə müəssisələrində olan şəxslərin hüquqi məsələlərlə bağlı məlumatlandırılması və qanunvericiliklə müəyyən edilmiş hallarda peşəkar hüquqi yardım əldə etməsi üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi təklif olunur. Bununla yanaşı, cinayət-prosessual qanunvericiliyə də dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bu dəyişikliklərin cinayət prosesində müdafiə hüququnun və hüquqi yardıma çıxış imkanlarının daha səmərəli təmin edilməsinə yönələcəyi gözlənilir.