BAKI, 9 oktyabr. TELEQRAF

"2026-cı il Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün əlamətdar bir tarixdir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan müstəqilliklərinin 35-ci ildönümünü qeyd edirlər. 35 il sonra mənzərə əhəmiyyətli dərəcədə dəyişib. Müstəqilliyin ilk illərində əsas prioritet milli dövlət institutlarının qurulması və beynəlxalq sistemdə öz yerinin müəyyənləşdirilməsi idi. Bu gün isə gündəlikdə daha böyük məsələlər dayanır: regional iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, rəqəmsal bağlantılar, iqlim dəyişmələri, su ehtiyatları və birgə investisiya layihələri".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətləri yalnız müstəqil dövlətlər kimi deyil, Avrasiyanın mühüm geosiyasi və geoiqtisadi aktorları kimi çıxış edirlər: "Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Qazaxıstanın Aktau və Kurık limanları, Türkmənistanın Türkmənbaşı limanı, dəmir yolu şəbəkələri və digər infrastruktur layihələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin inkişafına imkan yaradır.

Dünya Bankının 2026-cı ilin sentyabrında açıqladığı araşdırmaya görə, Transxəzər dəhlizinə düzgün investisiyalar və ticarət-logistika islahatları həyata keçirildiyi təqdirdə 2040-cı ilədək marşrut üzrə yük həcmləri üç dəfədən çox arta, daşınma müddəti əhəmiyyətli dərəcədə azala və dəhlizin əhatə etdiyi ölkələrdə iqtisadi artıma və məşğulluğa ciddi töhfə verə bilər".