BAKI, 7 oktyabr. TELEQRAF
Uşaqların, insan alverinin qurbanlarının və digər həssas qrupların hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb. “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi ilə əlaqədar hazırlanmış dəyişikliklər Mülki Prosessual və Cinayət-Prosessual məcəllələrə, Cəzaların İcrası Məcəlləsinə, eləcə də “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Uşaq hüquqları haqqında” qanunlara şamil edilir. Layihəyə əsasən, peşəkar hüquqi yardımın əhatə dairəsinə cinsi istismar və ya cinsi zorakılığın qurbanı olan uşaqlara, insan alverinin qurbanlarına və digər müəyyən edilmiş kateqoriyalara hüquqi yardım göstərilməsi daxil edilir.
Qanun layihəsi ilə hüquqi yardıma ehtiyacı olan şəxslərin məhkəmə və digər dövlət orqanlarında müdafiə və təmsil olunma imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Sözügedən dəyişikliklər “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır.
Layihə birinci oxunuşda müzakirə olunub.