BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda pulsuz hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquq bərabərliyinin təmin edilməsi və hüquqi xidmətlərin hər kəs üçün əlçatan olması məqsədilə vahid hüquqi mexanizm formalaşdırılacaq. Dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən əlilliyi olan və işləməyən şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ÜDSY alan ailələrin üzvləri və digər sosial həssas qruplar yararlana biləcək.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Hicran Hüseynova bildirib ki, təqdim olunan qanun layihəsində 3 məcəllə və 11 qanunda əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində pulsuz hüquqi yardım göstərilir və bunun tətbiq mexanizmi dövlətin hüquq sistemi, maliyyə imkanları və sosial siyasətindən asılı olaraq fərqlənir.
Deputat qeyd edib ki, müzakirəyə çıxarılan dəyişikliklər vətəndaşların hüquqlarının qorunması mexanizmlərinin daha da gücləndirilməsinə yönəlib. Eyni zamanda ölkənin iqtisadi imkanlarının artması, ərazi bütövlüyünün təmin olunması və insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar da bu məsələnin aktuallığını artırır.
Hicran Hüseynova Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrini xatırladaraq bunun dövlət idarəçiliyinin və sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirib.
O qeyd edib ki, təqdim olunan qanun layihəsi “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması və müzakirəsi zərurətindən irəli gəlib. Deputatın sözlərinə görə, həmin qanun layihəsi bir neçə gün əvvəl Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirə olunub.
“Burada əsas məsələ pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin hüquq bərabərliyini təmin etməkdir”, – deyə Hicran Hüseynova bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin mühüm tərəflərindən biri pulsuz hüquqi yardımın göstərilməsi üzrə vahid hüquqi mexanizmin formalaşdırılmasıdır. Bu mexanizm hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquqlarının müdafiəsinə və hüquqi xidmətlərin hər kəs üçün əlçatan olmasına şərait yaradacaq.
Hicran Hüseynova bildirib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada pulsuz hüquqi yardım göstərən vəkillərin xidmət haqları və digər zəruri xərclər dövlət büdcəsinin vəsaiti, o cümlədən Vəkillər Kollegiyasına ayrılan vəsaitlər hesabına qarşılanacaq.
“Bu qanun layihəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edir”, – deyə deputat vurğulayıb.