BAKI, 12 oktyabr. TELEQRAF

Son səkkiz ildə Azərbaycanda özəl sektorda iş yerlərinin sayı iki dəfə artıb.

Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca Biznes Forumunda çıxışında deyib.

O əlavə edib ki, ötən ilin sonuna olan məlumata görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 110 faizini ötüb, xarici borcumuz isə ÜDM-in cəmi 5,6 faizini təşkil edib:
“İqtisadiyyatımız özəl sektorun aparıcı rolu əsasında inkişaf edir. 2020-ci ildən etibarən qeyri-neft-qaz iqtisadiyyatımız ildə orta hesabla 5 faiz artıb və bu sektorun ÜDM-də payı 2025-ci ildə 72 faizə çatıb.
Son 20 il ərzində Azərbaycan 350 milyard dollardan çox investisiya cəlb edib. Bunun yarısı birbaşa xarici investisiyaların payına düşür.

Son altı ildə isə qeyri-neft-qaz məhsullarının ixracı iki dəfə yüksəlib”.

“Məhz buna görə sahibkarlar üçün yeni dəstək mexanizmləri tətbiq etməyə davam edirik. Biznes subyektləri güzəştli kreditlər, kredit zəmanətləri və kreditlər üzrə subsidiyalaşdırılmış faiz dərəcələrindən yararlana bilirlər. Hökumət, həmçinin ixracatçıların nəqliyyat və logistika xərclərinin 70 faizədək hissəsini kompensasiya edir. Bununla da Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlarda daha rəqabətqabiliyyətli olması təmin edilir”, - deyə nazir əlavə edib.