BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda pulsuz hüquqi yardım sisteminin təşkilində paraleqallar institutunun yaradılması təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb.
“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirə edilib.
Layihəyə əsasən, pulsuz hüquqi yardım iki istiqamətdə – ilkin və peşəkar hüquqi yardım formasında göstəriləcək. İlkin hüquqi yardım vətəndaşların qanunvericilik, hüquq və vəzifələr barədə məlumatlandırılmasını, ərizə və şikayətlərin hazırlanmasına köməyi, eləcə də digər hüquqi məlumatlandırma xidmətlərini əhatə edəcək. Peşəkar hüquqi yardım isə cinayət, mülki və inzibati işlər üzrə müdafiə və təmsilçilik imkanlarını əhatə edəcək.
Qanun layihəsində pulsuz hüquqi yardımın təşkilinin Vəkillər Kollegiyasına həvalə edilməsi nəzərdə tutulur. Eyni zamanda paraleqallar institutunun yaradılması təklif olunur.
Layihə ilə vəkillərin ictimai fayda naminə pro-bono qaydada ildə 30 saatdan az olmamaqla pulsuz hüquqi yardım göstərməsi də nəzərdə tutulur.