BAKI, 12 oktyabr. TELEQRAF
“Biz Hidayət Heydərovla görüşmüşük və hər şeyi çox səmimi şəkildə müzakirə etmişik. Hidayət bizim Olimpiya, dünya və Avropa çempionumuzdur, fəxrimizdir. Federasiya olaraq ona hər tərəfli dəstəyi verməyə hazırıq”.
Teleqraf-ın məlumatına görə, bunu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O bildirib ki, idmançı gələcəklə bağlı məsuliyyətini tam dərk edir:
“Vitse-prezidentin də qeyd etdiyi kimi, onun qərar vermək üçün bir həftə vaxtı var. Biz heç bir idmançını hansısa məsələdə məcbur edə bilmərik. Lakin təbii ki, federasiyanın müəyyən tələbləri var. Bu tələblər təkcə Hidayətə deyil, istər Olimpiya çempionumuza, istərsə də gənclərdən əsas komandaya yeni keçən idmançılarımıza şamil olunur. Federasiya olaraq bu məsələni diqqətdə saxlamağa davam edəcəyik”.