BAKI, 12 oktyabr. TELEQRAF

“Azərbaycanlı idmançı, legioner idmançı anlayışı yoxdur. Bizim üçün onların hamısı komandamızın üzvüdür və azərbaycanlıdır”.

Teleqraf-ın məlumatına görə, bunu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O, millinin heyətində yer alan bəzi cüdoçuların legioner adlandırılmasına münasibət bildirib:

“Bu idmançıların heç biri komandamıza hazır şəkildə gəlməyib. Onlar gələndə 14, 15, 16, 17 yaşlarında idilər. Həmin idmançılar bizim yetirmələrimizdir, onları bu səviyyəyə biz çatdırmışıq. Bu, nə Rusiyanın, nə Gürcüstanın, nə də başqa bir ölkənin yetirməsidir. Sosial şəbəkələrdə yazılanlar uşaqlara da mənfi təsir edir. Onlar Azərbaycan bayrağı üçün meydana çıxırlar və bunun üçün əziyyət çəkirlər”.

ACF rəsmisi fərqli nümunələri müqayisə edərək fikrini izah edib:

“Əgər Səid Mollayi və ya İrina Kindzerskanı götürsək, bəli, onlar komandamıza hazır idmançı kimi gəlmişdilər. Onları legioner hesab etmək olardı. Lakin məsələn, qadınlardan ibarət millimizə yeni cəlb etdiyimiz Xanım Nəzərova yetişmiş idmançı deyil, hələ inkişaf mərhələsindədir. Əgər onun gələcəkdə böyük nəticələri olacaqsa, bu, Azərbaycan cüdo sisteminin uğuru sayılacaq”.

ACF-nin vitse-prezidenti Elnur Məmmədli də deyilənlərə dəstək verərək məsələyə münasibət bildirib:

“Hazır idmançını heç bir ölkə başqasına verməz. Onlar komandamıza gələndə baş məşqçilərimiz, yerli məşqçilərimiz və bütün heyətimiz tərəfindən böyük əziyyətlər çəkilib. İnanın ki, o idmançılar komandamızla o qədər mehribandır ki, bir qardaş kimi qaynayıb-qarışıblar. Mence, bu cür lazımsız müzakirələrə son qoyulsa, çox yaxşı olar”.