BAKI, 12 oktyabr. TELEQRAF
“Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı müzakirələri Moskva başladıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Taron Çaxoyan deyib.
“Rusiyanın özü bəyan edib ki, rəsmi İrəvan istəsə, 102-ci hərbi bazanı Ermənistan ərazisindən çıxarmağa hazırdır. Çox yaxşı. İndi 102-ci hərbi bazanın Gümrüdə qalmasını istəyirlərsə, gəlin, onun hansı şərtlərlə fəaliyyətini davam etdirəcəyini müzakirə edək. Məsələ bundan ibarətdir.
Rəsmi İrəvan - Ermənistan Respublikası hökuməti bu hərbi bazanın çıxarılması ilə bağlı heç bir bəyanat verməyib. Bunu Rusiya tərəfi edib. Əgər onlar həmin bazanın Ermənistan ərazisində qalmasını istəyirlərsə, çox yaxşı, o zaman şərtləri yenidən nəzərdən keçirərik. Söhbət bazanın yerləşdirildiyi bütün şərtlərdən gedir.
Bizim bu hərbi bazanın çıxarılması ilə bağlı problemimiz yoxdur. Amma Rusiya bazanı çıxarmağa hazır olduğunu və ya qalmasına icazə almağa hazır olduğunu bəyan edirsə, yenə də şərtləri müzakirə etməyə hazır olacağıq”, - Çaxoyan bildirib.
Deputat qeyd edib ki, hərbi baza məsələsinin Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə əlaqəsi yoxdur:
“Yeni atom elektrik stansiyasının hansı dövlətlə, hansı tərəflə tikiləcəyi məsələsi hələ müzakirə mərhələsindədir. Yeri gəlmişkən, hazırkı atom elektrik stansiyasının istismar müddətinin uzadılması istiqamətində də işlər aparılır. Mövcud stansiyanın daha uzun müddət fəaliyyətini davam etdirməsi istisna edilmir”.