BAKI, 12 oktyabr. TELEQRAF

"Son dövrlər Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi aktual müzakirə mövzusudur. Cəmiyyətdə bu məsələyə müxtəlif yanaşmalar və fərqli düşüncələr təbiidir. Hesab edirəm ki, dövlət maraqları və dövlət siyasəti hər bir fərqli fikrin fövqündə dayanmalıdır".

Bu fikirləri Teleqraf-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı İnkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov bildirib.

O vurğulayıb ki, qaydaların tətbiqi uzun müddət ərzində aparılan transformasiyanın nəticəsidir, bu qərarlara bir gündə gəlinməyib.

“Azərbaycan dünyəvi dövlətdir. Dövlət digər strateji sahələr kimi, həm təhsil, həm də dini müəssisələrə xüsusi qayğı ilə yanaşır. Ölkədə din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir. Xüsusi təyinatlı məktəblər istisna olmaqla, orta təhsil müəssisələrində dünyəvilik prinsipi əsas götürülür. Dini təhsil isə yalnız ixtisaslaşmış institutlar səviyyəsində mövcuddur. Dövlət təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, nizam-intizamın möhkəmləndirilməsi və keyfiyyətinin artırılması təhsil siyasətinin əsas prioritetləridir.

Bu baxımdan vahid formanın tətbiqi heç bir dini dünyagörüşə qarşı yönəlməyib, məhz dünyəviliyin təşviqinə xidmət edir. Məktəbli forması şagirdlərdə məsuliyyət hissinin aşılanmasına və məktəb birliyinin formalaşmasına müsbət təsir göstərən amillərdən biridir. Məktəbli forması ayrı-seçkilik riskinin azaldılmasına, təhsil mühitində bərabərliyin gücləndirilməsinə və şagirdlərin sosial adaptasiyasına müsbət təsir göstərir. Bilməliyik ki, məktəb təkcə bilik verən müəssisə deyil, həm də fərdləri sosial bərabərliyə hazırlayan və cəmiyyətin gələcək inkişafını formalaşdıran mühüm bir sistemdir”.

Dosent hesab edir ki, şagirdlərin məktəbə fərqli geyimlərdə gəlməsi şüuraltı səviyyədə müəyyən ayrı-seçkilik hallarına yol aça bilər:

“Vahid məktəbli forması Qərb ölkələrində də təşviq olunan məsələlərdən biridir. Bu qaydanın təhsil mühitindəki əhəmiyyəti ondan ibarətdir ki, o, inkişafımızın təməllərinə xidmət edir və gələcəkdə daha dünyəvi təfəkkürə malik vətəndaşların yetişməsinə töhfə verir. Şübhəsiz ki, dini inanclara böyük hörmətimiz var: Azərbaycan multikulturalizm və tolerantlıq ölkəsidir, burada bütün dinlərin nümayəndələri üçün hər cür şərait yaradılıb. Lakin məktəbə müəyyən simvollarla daxil olmaq məsələsinə gəldikdə, mövzunu təkcə baş örtüyü ilə məhdudlaşdırmaq düzgün deyil. Söhbət həm də müəyyən edilmiş qaydalardan kənara çıxan, yaxud qeyri-adekvat hesab olunan digər açıq geyimlərin də tənzimlənməsindən gedir”.

Şölət Zeynalov hesab edir ki, Azərbaycan cəmiyyət olaraq yenidən xurafat dövrünə qayıda bilməz:

"Yaxın Şərqdə baş verən hadisələrin kökündə müharibələrlə yanaşı, başqa amillər də dayanır. Bilirsiniz ki, dini dünyagörüşdən xurafata keçid bir addımlıq məsafədir. Ona görə də biliklə, ideoloji və dövlətçilik baxımından sədaqətlə silahlanmış təfəkkürlə gələcəyə addımlamaq daha asandır. Bu nöqteyi-nəzərdən təhsil müəssisələrinin cavabdeh şəxslərinin, ictimai nümayəndələrin və ziyalıların üzərinə böyük vəzifə düşür. VIII Qurultayın tezislərini xatırlayaq. Orada gələcəyimizi müəyyən edən prioritetlər elan olunub.

Vətəndaş, ictimai nümayəndə, vəzifəli və ya vəzifəsiz olmasından asılı olmayaraq, hər bir şəxs bu məsələdə öz mövqeyini ortaya qoymalı, gələcəyimiz, birliyimiz və həmrəyliyimiz naminə hərəkət etməlidir. Hesab edirəm ki, bu proses kommunikasiya kontekstində, maarifləndirmə istiqamətində həyata keçirilməlidir. Uzun müddət müəyyən vərdişlərə yiyələnmiş insanlara qarşı kəskin mövqe nümayiş etdirməkdənsə, qarşılıqlı dialoqa və dözümlülüyə əsaslanan kommunikativ yanaşmaya üstünlük vermək daha məqsədəuyğundur".