BAKI, 12 oktyabr. TELEQRAF
“Ermənistanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin uzun tarixi var. Hələ 2016-cı ildə Ermənistan və Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini imzalayıb. Bu sənəd sistemlərin yaxınlaşdırılması və standartların tətbiqi ilə bağlıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Aİ-yə üzv olmaq məqsədinin olub-olmadığı barədə “Radio France Internationale”nin (RFI) sualını cavablandırarkən deyib.
“2018-ci ildən sonra da Avropa İttifaqı ilə münasibətlərimizi yaxınlaşdırmağa davam etmişik. 2025-ci ildə hətta Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanun qəbul edildi. Bu qanun vətəndaş təşəbbüsü əsasında qəbul olunub”, - Baş nazir bildirib.
Paşinyan qeyd edib ki, variantlardan biri Ermənistanın Avropa İttifaqına üzv olmasıdır:
“Niyə “variantlardan biri” deyirəm? Çünki Avropa İttifaqı hələ genişlənmə siyasəti ilə bağlı qərar verməlidir. Yalnız üzvlük istəyən ölkənin və ya bu məsələni müzakirə edən dövlətin istəyi kifayət deyil. Bu gün də Avropa İttifaqında qurumun genişlənib-genişlənməməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Buna görə də sualın cavabı müəyyən mənada bu məsələdən asılıdır”.
Baş nazirin sözlərinə görə, Ermənistanın strateji məqsədi alternativlər yaratmaqdır:
“Biz uzun müddət elə bir mühitdə və şəraitdə yaşamışıq ki, Ermənistanın xarici əlaqələr sahəsində geniş seçim imkanları olmayıb. Bizim vəzifəmiz bu alternativləri yaratmaqdır. Nəticə etibarilə, istənilən qərar konkret mühit və şəraitdə qəbul edilir. Alternativlər yaratmaqda məqsədimiz budur ki, Ermənistan xalqı ölkənin Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalmasına, Avropa İttifaqına üzv olmasına, yaxud nə Aİ-nin, nə də AİB-in üzvü olmamasına özü qərar verə bilsin.
Biz istənilən halda Ermənistanda islahatları davam etdirəcək və ölkəni Avropa İttifaqının standartlarına uyğunlaşdıracağıq. Əgər müəyyən mərhələdə Ermənistan Aİ-yə üzv olmaq üçün tam və obyektiv şəkildə hazır olsa, onda məsələ yenə də iki əsas tərəfdən asılı olacaq: Avropa İttifaqı bizi qəbul etmək istəyəcəkmi və Ermənistan xalqı bu variantın lehinə səs verəcəkmi? Hətta Ermənistan obyektiv olaraq üzvlüyə hazır olsa, amma Avropa İttifaqına qəbul edilməsə belə, ölkə yenə də qazanmış olacaq. Çünki bu halda Avropa İttifaqının standartlarına tam uyğun gələn dövlətimiz olacaq”.