BAKI, 7 oktyabr. TELEQRAF
Məişət zorakılığından zərər çəkmiş şəxslərin pulsuz peşəkar hüquqi yardım alma imkanlarının genişləndirilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, peşəkar hüquqi yardımın əhatə dairəsinə məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsi də daxil edilir.
Eyni mexanizmin insan alverinin qurbanlarına, cinsi istismar və ya cinsi zorakılığın qurbanı olan uşaqlara, eləcə də müəyyən kateqoriyadan olan digər şəxslərə hüquqi yardım göstərilməsində tətbiqi nəzərdə tutulur. Sənəddə bununla yanaşı, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” qanunlara uyğunlaşdırıcı dəyişikliklərin edilməsi təklif olunur.
Məqsəd hüquq pozuntusundan zərər çəkmiş şəxslərin müdafiə və təmsilçilik imkanlarını artırmaq, onların hüquqi prosedurlarda daha effektiv iştirakını təmin etməkdir.