BAKI, 30 may. TELEQRAF
"Televiziyalar ailə dəyərlərinə mənfi təsir edən verilişlərdən çəkinməlidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deyib.
Deputat vurğulayıb ki, uşaqlar tərəfindən törədilən cinayətlərin sayının artması ciddi narahatlıq doğurur və bunun səbəbləri öyrənməlidir:
“Prosesə təsir edən bir neçə məsələ var ki, onlardan biri də televiziyalardır. Televiziyalar ailə dəyərlərinə mənfi təsir edən verilişlərdən çəkinməlidir. Lakin ailə dəyərlərinə zidd məsələlər bəzi hallarda televiziyalarda müzakirəyə çıxarılır. Amma əgər bir kənddə insanlar 16 yaşlı qızın toyuna gedib iştirak edirsə, deməli, onlar da günahakardırlar. Hüquq mühafizə orqanları ilə yanaşı, cəmiyyət də bu məsələdə həssas olmalıdır. Çünki bugünkü müharibə beyin müharibəsidir. Cəmiyyəti məhv etmək üçün də kənardan ciddi addımlar atılır. İnanıram ki, cəmiyyətimiz dövlətimizlə birlikdə bu məsələlərin öhdəsindən gələcək”.