BAKI, 12 oktyabr. TELEQRAF

Kamboca ilə Azərbaycan arasında iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft-qaz sektorlarının inkişafı istiqamətində əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial mövcuddur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin rəsmi təmsilçisi Yusif Abdullayev Azərbaycan-Kamboca Biznes Forumunda çıxışında deyib.

O qeyd edib ki, forumda hər iki ölkənin biznes dairələri güclü maraq nümayiş etdirir:

“Azərbaycan tərəfindən tədbirdə 80-ə yaxın şirkət iştirak edir. Bu şirkətlər ticarət və ixrac, istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm də daxil olmaqla, geniş sahələri təmsil edirlər.
Kamboca tərəfindən isə bank və maliyyə xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su təsərrüfatı sahələrində fəaliyyət göstərən 12 şirkətin 16 nümayəndəsini salamlayırıq”.