BAKI, 30 may. TELEQRAF

Ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayında azalma müşahidə edilib. Bu rəqəm 2023-cü ildə 1742 nəfər, 2024-cü ildə 1279 olub.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı təqdim edərkən deyib.

O bildirib ki, 14 iqtisadi rayon üzrə nikah yaşının bir il azaldılması ilə bağlı verilən icazələrin sayında da azalma müşahidə edilib.

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb. 2023-cü illə müqayisədə nikahların sayında da azalma müşahidə olunub, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb”, - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.