BAKI, 30 may. TELEQRAF
"Artan geosiyasi çağırışlar fonunda birgə dəyərlər və regional miqyasda birliklərin yaradılması aktuallaşır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, Azərbaycan - Türkiyə tandeminin sülhün və sabitliyin təminindəki gücü Pakistanın qoşulması ilə daha da artır:
"Azərbaycan Prezidentinin sözləri ilə desək, “üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. 353 milyon əhali, 1,8 trilyon dollar Ümum Daxili Məhsul, 1,7 milyon kvadrat kilometr ərazisi olan üç qardaş dövlət yeni dünya düzəninin formalaşması ərəfəsində siyasi, iqtisadi və müdafiə məsələlərinə dair birgə mövqe formalaşdırırlar. Digər regional hadisələrlə müqayisə Azərbaycan Prezidentinin hərbi və diplomatik strategiyasının nə qədər uğurlu olmasını bir daha təsdiqləyir. Bütün Avropa xüsusi intensivliklə, uzun müddətdir çalışır, Rusiya-Ukrayna müharibəsində atəşkəsə belə nail ola bilmir. Amma Azərbaycan otuz illik işğala öz resursları ilə son qoydu, şəhidlər verərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi".