BAKI, 27 may. TELEQRAF

2024-cü ildə Prezidentin ehtiyat fondundan 244,8 milyon manat vəsait istifadə olunub.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu vəsaitin 209,8 milyon manatı və ya 85,7 faizi əsaslı xərclərin, 35,0 milyon manatı və ya 14,3 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Prezidentin ehtiyat fondundan istifadə olunmuş vəsait hesabına Bakı və Sumqayıt şəhərlərində avtomobil yollarının layihələndirilməsi, tikintisi və kommunikasiya xətlərinin köçürülməsi üçün 169,4 milyon manat, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması məqsədilə limanın genişləndirilməsi üçün 20,0 milyon manat, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsi üçün 10,0 milyon manat, Xankəndi şəhərində abadlıq və bərpa quruculuq işlərinin davam etdirilməsi üçün 8,0 milyon manat sərf edilib.

Həmçinin Mərkəzi Asiya Ölkələri ilə iqtisadi əməkdaşlığın təşviqinə, habelə iqlim və davamlı inkişaf problemlərinin həllinə maliyyə dəstəyinin göstərilməsi üçün 6,0 milyon manat, Bakı şəhərində "Dini Liderlərin Qlobal Sammiti"nin təşkili üçün 4,4 milyon manat, dini dəyərlərin qorunması, inkişaf etdirilməsi və dini qurumlara maliyyə yardımının göstərilməsi üçün 4,1milyon manat, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə vəsait ayrılıb.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi üçün 3,0 milyon manat, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirilməsinə əlavə dəstəyin verilməsi üçün 2,5 milyon manat, "Sağlam məhəllə" layihəsi çərçivəsində 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün 1,9 milyon manat, Xarici İşlər Nazirliyinin müəyyən etdiyi şəxsin BMT Sivilizasiyalar Alyansının Katibliyinə əməkdaş qismində cəlb edilməsi və BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinin dəstəklənməsi üçün 1,7 milyon manat, 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 1,0 milyon manat və digər tədbirlərin maliyyələşdirilməsi üçün 12,8 milyon manat vəsait sərf edilib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.