BAKI, 12 oktyabr. TELEQRAF

“Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı və barışdırıcı missiya yerinə yetirən ölkədir. Böyük iqtisadi potensial, fəal xarici siyasət, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik sayəsində ölkəmizdə bütün daxili risklər aradan qaldırılıb. Hazırda aktual məsələlərdən biri xaricdən gələn risklərə qarşı cəmiyyətimizin güclü immunitetinin formalaşmasıdır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kursun sayəsində ölkəmiz nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaratdı.

Millət vəkilinin sözlərinə görə, bu gün müəyyən xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Onlar hələ ötən əsrin əvvəllərində görkəmli ziyalılarımız, mütəfəkkirlərimiz, maarifçilərimiz tərəfindən ifşa olunan, cəmiyyətimizin inkişafı yolunda ciddi maneə kimi qiymətləndirilən dini-ideoloji təbliğat vasitəsilə xurafatı, mövhumatı azərbaycanlıların həyat tərzinə çevirmək istəyirlər. “Bu mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar. Ardıcıl dini təbliğat, müxtəlif təsir və təzyiq metodlarından istifadə yolu ilə məzhəblərarası ziddiyyətlərin yaradılması, vətəndaşların radikal dini cərəyanlara cəlb edilməsi, uşaqların və gənclərin dünyagörüşünün dini doqmalar əsasında formalaşdırılması və digər istiqamətlər üzrə fəaliyyət də bu məqsədə xidmət edir”- deyən Samir Vəliyev əlavə edib ki, “Ümumi təhsil haqqında” Qanunda edilmiş dəyişikliklərə qarşı həyata keçirilən kampaniyanın başlıca səbabkarları bu mərkəzlər və onların idarə etdiyi resurslardır. Prezident İlham Əliyev xarici mərkəzlərin Azərbaycana qarşı ideoloji təxribatlarının əsas məqsədləri barədə deyib: “Birliyimizi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.

Onun sözlərinə görə, dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Məktəbdaxili nizam-intizam və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir. Təhsilalanlara vahid geyim tələbi kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Çünki məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim ilə bağlı vahid qaydaları müəyyən edir. Tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır.
Deputat qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, burada dövlət-din münasibətləri yüksək səviyyədədir: “Vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunub-saxlanılmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda etiqadına, inancına və dini həyat tərzinə görə heç bir məhdudiyyət tətbiq edilmir. İşğaldan azad edilmiş 67 məscidin düşmən tapdağından qurtarılması Azərbaycan dövlətinin dini-mənəvi irsimizə göstərdiyi qayğının və İslam dini qarşısında tarixi xidmətinin ən mühüm nümunələrindən biridir. Azərbaycan dövləti yalnız torpaqları azad etməyib, həmin torpaqlarda xalqımızın əsrlər boyu yaşatdığı dini-mənəvi irsi də düşmən əsarətindən qurtarub. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə məhz dini ibadət yerlərinin bərpası ilə start verilməsi bu tarixi missiyanın davamıdır”.

Azərbaycanda təhsil sisteminin dünyəvi xarakter daşıdığını deyən millət vəkilinin fikrincə, dünyəvi təhsildə məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır. “Dünyəvi təhsil sistemi müxtəlif kənar ideoloji təsir imkanlarından, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan, simvolikadan, habelə milli-mənəvi dəyərlərimizə, etik normalara zidd geyim, davranış formalarından azad olmalı və savadlı, tərbiyəli, vətənpərvər gənc nəslin formalaşmasında əsas faktorlardan biri olmalıdır” – deyə Samir Vəliyev vurğulayıb.