BAKI, 27 may. TELEQRAF

2024-cü ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölmələri üzrə ayrılan vəsaitin miqdarı bəlli olub.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2024-cü ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 2 809 800 min manat məbləğində vəsait istifadə olunub ki, bu da ayrılması nəzərdə tutulan 3 milyard 26 milyon 800 min manat məbləğində vəsaitə nisbətən 217,0 milyon manat və ya 7,2 faiz az, 2023-cü illə müqayisədə isə 138,5 milyon manat və ya 5,2 faiz çoxdur.

Bu xərclər ÜDM-in 2,2 faizini, dövlət büdcəsi xərclərinin isə 7,5 faizini təşkil edib.

Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 228,5 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi sahəsinə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində və ya 3038,3 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2023-cü illə müqayisədə 110,5 milyon manat və ya 3,8 faiz çoxdur.

Dövlət büdcəsinin vəsaiti hesabına 40650 nəfər şəxsə hüquqi yardımın göstərilməsi üçün hesabat ilində dövlət büdcəsindən 5,5 milyon manat məbləğində vəsait ayrılmışdır ki, bu da 2023 cü illə müqayisədə 0,5 milyon manat və ya 10,0 faiz çoxdur.

2024-cü ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 266,4 milyon manat təşkil etmişdir ki, bu da 2023-cü illə müqayisədə 26,8 milyon manat və ya 11,2 faiz çoxdur.

Ümumiyyətlə son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7 faiz-bənd, mütləq ifadədə isə 3790,7 milyon manat və ya 1,7 dəfə artıb.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.