BAKI, 27 may. TELEQRAF
2024-cü ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə dövlət büdcəsindən ayrılmış vəsait açıqlanıb.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, sözügedən istiqamət üzrə 575,6 milyon manat məbləğində vəsaitin aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 497 milyon manatı (86,3 faiz) istifadə olunmuşdur. Bu 2023-cü illə müqayisədə 33,6 milyon manat və ya 7,3 faiz çoxdur.
Hesabat ilində həmin xərclər ÜDM-in 0,4 faizini, dövlət büdcəsi xərclərinin isə 1,3 faizini təşkil edib.
Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 78 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahəsinə 575 milyon manat vəsait yönəldilmişdir ki, həmin vəsait də nəzərə alınmaqla mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri dövlət büdcəsi xərclərinin 1,5 faizi həcmində olub.
Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 155 milyon manat və ya 45,3 faiz artıb.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
