BAKI, 27 may. TELEQRAF
Dövlət İmtahan Mərkəzi (DİM) ötən il üçün ümumilikdə 18.9 milyon manat vəsait sərf edib.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, DİM tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı üçün xərclər tədbiri üzrə ayrılmış 18,9 milyon manat vəsait tam icra olunub.
Bu tədbir üzrə ali təhsil müəssisələri üzrə test imtahanlarında, bakalavriat səviyyəsi üzrə jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün yazılı imtahanda, coğrafiya fənni üzrə əlavə imtahanda, peşə liseyi məzunları üçün Azərbaycan dili imtahanında, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında və s. ümumilikdə 533999 namizəd iştirak edib.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.