BAKI, 27 may. TELEQRAF
Ötən il elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 197,2 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 38,9 milyon manat və ya 16,5 faiz az, 2023-cü illə müqayisədə isə 3,6 milyon manat və ya 1,9 faiz çoxdur.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Hesabat ilində elm xərcləri ÜDM-in 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib. 2024-cü ildə “Elm” köməkçi bölməsi üzrə icra edilmiş xərclərin inzibati təsnifata uyğun olaraq 74,6 milyon manatı Elm və Təhsil Nazirliyinin, 43,8 milyon manatı Azərbaycan Milli Elmlər Akademiyasının, 16,6 milyon manatı Kənd Təsərrüfatı Nazirliyinin, 7,6 milyon manatı Milli Arxiv İdarəsinin, 7,3 milyon manatı Ədliyyə Nazirliyinin, 5,7 milyon manatı Mədəniyyət Nazirliyinin, 2,3 milyon manatı “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, 13,8 milyon manatı digər elmi müəssisə və tədbirlərin, 26,6 milyon manatı isə bu sahə üzrə dövlət adından yaradılan publik hüquqi şəxslərə ayrılan vəsaitlərin payına düşür.
Hesabat ilində dövlət arxivləri, onların filialları və rayon, şəhər dövlət arxivlərinin saxlanması və fəaliyyəti, eləcə də dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, Milli arxiv fonduna aid sənədlərin toplanılmasını, sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etmək məqsədilə Milli Arxiv İdarəsi tərəfindən 7,6 milyon manat vəsait istifadə edilib.
Həmçinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanılması və onun fəaliyyətinin təmin edilməsi üçün Nazirlik üzrə hesabat ilində ayrılmış vəsaitin iqtisadi təsnifata uyğun olaraq 6,6 milyon manatı və ya 90,4 faizi əməyin ödənişi xərcləri, 0,5 milyon manatı və ya 6,9 faizi malların, iş və xidmətlərin satınalınması xərcləri, 0,2 milyon manatı və ya 2,7 faizi isə digər xərclər təşkil edib.
2024-cü ilin dövlət büdcəsinin elm xərcləri köməkçi bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 1,8 milyon manat olub.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.