BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycanda dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının nizamnamələrinə dəyişiklik etməsi və yenidən dövlət qeydiyyatına alınması tələb olunur.

Teleqraf xəbər verir ki, Millim Məclisə təqdim edilən qanun layihəsinə əsasən müvafiq qanun layihəsinin keçid müddəalarına əsasən, qanun qüvvəyə mindikdən sonra mövcud QHT-lər 30 gün ərzində nizamnamələrini yeni tələblərə uyğunlaşdırmalı və yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.

Bu tələb xüsusilə QHT-lərin növlərinin müəyyənləşdirilməsi və nizamnamə məqsədlərinin həmin növlərə uyğunlaşdırılması ilə bağlıdır.

Layihədə xarici dövlətlərin QHT-lərinin Azərbaycandakı filial və nümayəndəlikləri üçün də xüsusi keçid müddəaları nəzərdə tutulub.

Belə ki, sazişinin qüvvədə olma müddəti bitmiş və ya müvafiq sazişi olmayan xarici QHT filial və nümayəndəlikləri 30 gün ərzində sazişin bağlanması və ya müddətinin uzadılması ilə bağlı tədbirlər görməli, daha sonra yenidən dövlət qeydiyyatı üçün müraciət etməlidirlər.

Müəyyən edilmiş müddətdə müraciət etməyən və ya dövlət qeydiyyatına alınmasından imtina edilən təşkilatların fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilə bilər.