BAKI, 27 noyabr. TELEQRAF
Qeyri-hökumət təşkilatlarının maliyyə fəaliyyətinə nəzarət və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi təklif edilir.
Teleqraf xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, QHT-lərin nizamnamələrində əmlak və vəsaitlərin nizamnamə məqsədlərinə uyğun istifadəsinə daxili nəzarətin həyata keçirilməsi qaydası, nəzarət orqanının formalaşdırılması və səlahiyyətləri əksini tapmalıdır.
Bununla yanaşı, təşkilatların terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə vəsait alarkən, toplayarkən, verərkən və ya köçürərkən risklərin minimuma endirilməsinə yönəlmiş qayda və prosedurları müəyyənləşdirməsi nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, QHT-lərin əmlakının pul və ya digər formada formalaşma mənbələri, habelə həmin vəsaitlərdən istifadə barədə təfsilatlı illik maliyyə hesabatının təsdiq edilməsi də ali idarəetmə orqanının səlahiyyətlərinə aid edilir.
Layihədə maliyyə şəffaflığının artırılması, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi və maliyyə risklərinin azaldılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.