BAKI, 27 noyabr. TELEQRAF
Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əməyin mühafizəsi və Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyələşmə mənbələri ilə bağlı iki əsas istiqamət müəyyənləşdirilib.
Teleqraf xəbər verir ki, təklif olunan dəyişikliklərdən biri könüllü fəaliyyətin iştirakçısı olan şəxslərin əməyin mühafizəsi ilə bağlı müvafiq müddəanın əhatə dairəsinə daxil edilməsidir.
Belə ki, Əmək Məcəlləsinin 208-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına “habelə könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin” sözlərinin əlavə edilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin müddəada “təcrübəsi” sözündən sonra “(təlimi)” ifadəsinin əlavə olunması təklif edilir.
Digər dəyişiklik Dövlət Əməyin Mühafizəsi Fondunun təşkil edilməsinin maliyyə əsaslarına aiddir.
Qanun layihəsinə əsasən, Fond istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların, müəssisələrin və vətəndaşların könüllü ödəmələri, eləcə də qanunda nəzərdə tutulan digər mənbələr hesabına təşkil ediləcək.
Qeyd edək ki, qanun layihəsi 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb.
Təklif olunan dəyişikliklər qüvvəyə mindiyi təqdirdə, əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin əhatə dairəsi və Dövlət Əməyin Mühafizəsi Fondunun formalaşma mexanizmi üzrə müvafiq hüquqi çərçivə yenilənəcək.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.