BAKI, 27 noyabr. TELEQRAF
Milli Məclisə Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünə dair sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
Teleqraf xəbər verir ki, qanun layihəsinə əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Sazişin qəbul və təsdiq edilməsi, eləcə də həyata keçirilməsinə icazə verilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, sazişin əsas mətninə edilmiş 12 əlavə də qəbul və təsdiq olunacaq. Qanun qüvvəyə mindikdən sonra saziş və onun əlavələri qanun statusu alacaq.
Sənəddə nəzərdə tutulur ki, sazişin qüvvədə olduğu müddətdə onun müddəaları sazişlə uyğun gəlməyən və ya ziddiyyət təşkil edən digər qanunvericilik və inzibati aktların müddəalarından üstün tutulacaq. Eyni zamanda, podratçı tərəflərə kontrakt sahəsində sazişdə nəzərdə tutulan qeyri-ənənəvi ehtiyatlar üzrə neft-qaz əməliyyatlarının aparılması üçün müstəsna hüquq veriləcək.
Qanun layihəsində podratçı tərəflərin saziş və əlavələr əsasında əldə etdikləri hüquqların onların qabaqcadan razılığı olmadan dəyişdirilməməsi, düzəldilməməsi və ya azaldılmaması da təsbit edilir.
Bundan başqa, sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün iştirakçılara zəruri lisenziyaların, gömrük icazələrinin, vizaların və digər səlahiyyətlərin müvafiq qaydada verilməsi nəzərdə tutulur.
Sazişə və əlavələrə dəyişikliklərin yalnız tərəflərin yazılı razılığı əsasında, sənəddə müəyyən edilmiş prosedurlara uyğun həyata keçirilməsi planlaşdırılır.
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.