BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlanıb.

Teleqraf xəbər verir ki, Milli Məclisin bugünki iclasında müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, Məcəllənin 208-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına “təcrübəsi” sözündən sonra “(təlimi)” sözü, “şagirdlərin” sözündən sonra isə “habelə könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin” sözləri əlavə edilir.

Bununla da əməyin mühafizəsi ilə bağlı müvafiq müddəanın əhatə dairəsinə könüllü fəaliyyətin iştirakçısı olan şəxslər də daxil edilir.

Qanun layihəsində Əmək Məcəlləsinin 221-ci maddəsinin 2-ci hissəsinin də yeni redaksiyada verilməsi nəzərdə tutulur.

Yeni redaksiyaya əsasən, Dövlət Əməyin Mühafizəsi Fondu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların, müəssisələrin və vətəndaşların könüllü ödəmələri, eləcə də qanunla nəzərdə tutulan digər mənbələr hesabına təşkil ediləcək.

Qeyd edək ki, dəyişikliklər 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb.
Layihə müzakirələrdən sonra təsdiq edilib.