BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini tənzimləyən qanunvericiliyə bir sıra dəyişikliklər edilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, Milli Məclisə təqdim edilən dəyişikliklərə əsasən, ictimai birliklər və fondlar bundan sonra qanunla müəyyən edilmiş konkret növlər üzrə yaradılacaq.

Qanun layihəsinə görə, ictimai birliklər peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq və iqtisadi sahələr üzrə təsis edilə biləcək. Fondlar isə ictimai faydalı fond və xeyriyyə fondu növləri üzrə yaradıla biləcək.

Layihədə xüsusi olaraq qeyd olunur ki, ictimai birlik və fond yalnız bir növdə təsis edilə bilər. QHT-lərin nizamnaməsində isə yalnız seçilmiş növə uyğun məqsəd və vəzifələr göstərilməlidir.

Bundan başqa, təşkilatların daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün yaradılması nəzərdə tutulur.

Dəyişikliklərin əsas istiqamətlərindən biri QHT-lərin hüquqi statusunun və fəaliyyət istiqamətlərinin daha dəqiq müəyyənləşdirilməsidir.