BAKI, 24 noyabr. TELEQRAF

Bakıda “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilir.

Teleqraf xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutur.

Konfransda aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Konfransın əsas məqsədi qadınların cəmiyyətin inkişafında, tolerant və multikultural dəyərlərin təşviqində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və sosial tərəqqinin təmin olunmasında rolunun artırılması, onların ictimai-siyasi, elm və təhsil sahələrində fəal iştirakının dəstəklənməsidir.

Eyni zamanda, gender bərabərliyinin təşviqi, gənc nəslin tolerantlıq və vətənpərvərlik ruhunda formalaşdırılmasında qadınların rolunun daha da gücləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Konfrans, həmçinin bu istiqamətdə dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında fikir mübadiləsinin aparılmasına, yeni təşəbbüslərin irəli sürülməsinə və əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Tədbir çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” və “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzularında panel sessiyaları keçiriləcək.